Aşıqlar və aşıq havaları

ashiqramin@gmail.com

Aşıq Hüseyn Saraçlı / Ashig Huseyn Sarachli / Ашуг Гусейн Сараджлы



Ardını oxu...

AŞIQ HÜSEYN SARACLI
(allah rəhmət eləsin)


Onun dastan dünyası haradasa əjdahaya qalib gələn Məlikməmməd var. haradasa, Qara Keşişin fitnə fəsadında yanan Kərəm var. haradasa bəylərin, xanların, paşaların zülmünə dözməyib, Çənlibelə çəkilən Koroğlu var. Qırat var, Dürat var. haradasa, ağ qoç, qara qoç var. haradasa «Ana, mən Qəribəm, Qərib» deyən var. haradasa Dədə Ələsgər, Tavar saz, bulqurlu saz var. haradasa, Qurbani, Tufarqanlı Abbas, Şəmşir, Əmrah, Xındı Məmməd, Kamandar sevgisi, yanğısı var. Və haradasa, haradasa Hüseyn Saraçlı dünyası, Hüseyn Saraçlı dərinliyi var. Hüseyn Saraçlı ləngəri, məhəbbəti var. haradasa «Müxəmməs», «Dilqəmi», «Baş divani», «Zarıncı», «Cığalı təcnis», «Şeşəngi», «Balsayad», «Yurd yeri», «Sürütmə Koroğlu», «Gözəlləmə», «Yanıq Kərəmi», «Ovşarı», «Göyçə Gözəlləməsi», «Mansırı», «Borçalı gözəlləməsi», «Sarı tel», «Orta sarı tel», «Paşa köçdü», «İrəvan çuxuru», «Sallama Kərəmi», «Başxanım», «Çuxur oba», «İstanbul bozuğun» iniltisi, hayqırtısı, nərəsi, sevgisi, oba yurd həsrəti, qələbəsi var.

Hüseyn Saraçlı öz el-obasının, vətəninin halal çörəyini yemiş, duzunu dadmış, suyunu içmiş, əzəli-əbədi dünyadan sıza-sıza süzülüb gələn, ağır salqarlı aşıq sənətinin «Ləl- cəvahiratı» ilə qidalanmışdır.

Onun dastan dünyası gah dumanlı-çiskinli Çənlibelə qalxar, oradan Cənan dağına gələr. Gah da ki, Ələsgər aləminə, Ələsgər dünyasına çəkilər. Paşalar, xanlar dünyasını odlara qalayar, yandırar, yaxar, daşı-daş üstə qoymaz. Sevər-sevdirər. Misri qılıncı şaqqıldadır:

Hanı mənim qoç Koroğlum,

Gələ girə bu meydana.

Çəkəndə Misri qılıncı,

Baş bir yana, leş bir yana...



deyib, bığını burar, Koroğlu kimi nərə çəkərdi. Onun şirin el ləhcəsiylə söylədiyi qaravəllilər, söyləmələr, dastan yanğısı, bulğurlu sazda çaldığı «Mansırı», «Dilqəmi», «Urfanı», «Sürütmə Koroğlu», «Yanıq Kərəmi», «Baş sarı tel». «Müxəmməs» adamın iliyinə, sümüyünə, qanına işlərdi. Oxuduğu sözlər, çaldığı havacatlar ürəklərdə sevgi, məhəbbət, dosta sədaqət, düşmənə nifrət, Vətənə, elə-obaya hörmət, ağbirçəklərə, ağsaqqallara ehtiram aşılayardı. Onun bənzərsiz istedadı, axar çaya oxşar, öz yatağına sığmazdı. Kükrəyər, aşar-daşar, kövrələr, ağlayar, güldürərdi. Əyrini-düzü, mərdi-namərdi tanıdardı. ...Hüseyin Saraçlı ki, meydanda nər oğlu, nər kimi gərdiş edər, qurşaq tutar, at oynadardı. Koroğlusayağı qalın eşmə bığlarına tumar çəkər. Buxara papağını, gümüşü qayış kəmərini nizamlardı. Sazı köynəyindən çıxarar, qırğı kimi ortada hərlənərdi. Məclis cana gələrdi.

Ayə, a bala, bir bəri çıx görək, Koroğlu olursan, yoxsa Kürdoğlu-deyə şəyirdini toy məclisinin ortasına çağırardı. Bu da böyük ustadın özünə məxsus ustadlığıydı. Şəyirdi basılmağa, utanmağa qoymazdı.
Şəyird tez saz əlində meydana çıxar, baş əyərək deyərdi:

Ustad, elə boy-buxunda da, sözdə də, sənətdə də Koroğluluq sizə yaraşır. Mən nə çarəyəm ki, siz olan yerdə Koroğlu oluram.

Ustad şəyirdinin sözlərindən şad-xürrəm olar. Məclisdə qoç Koroğlu kimi Koroğluluq edərdi. Başqa bir məçlisdə:

Ərzurumun gədiyinə varanda,

Onda gördum burum-burum qar gəlir...












oxuyar, Kərəm kimi «aman Lələ» deyərək, alışar, yanardı. Bu yanmasıyla məclisi də yandırar, sonu olmayan məhəbbətin, Qara keşişlərin güdazına gedən oğulların ahu-naləsini öz ağrısı-acısı bilərdi.

Pirani ustad öz əliylə yığdığı söz çır-çırpısının, qol budağının, budama-budama odununun sənət ocağında qızınar, öz yığıb seçdiyini, çözəm-çözəm etdiyi dastanları ürəyində isidərdi. Ecazkar sənətin dağlarında çaldığı külüngün ulu səsi-sarı simlərin ulu səsi əriş-əriş hər tərəfə yayılardı. Sənət dağlarından qopan çalpanaqlar-sözlər, havacatlar, dastanlar mahal-mahal yayılardı. Ustad Hüseyn Saraçlıya ulu el-məhəbbəti, el sevgisi, el hörməti gətirərdi. Bu ocağın ətrafında isinən on bir şəyirdin hər biri, bir ocaq olub aləmə yayılardı. Hüseyn Saraçlının dastan dünyası, sənət-söz dünyası indi də ürəkləri ovsunlamaqdadır.

-------------------------------------------------------------------------------------------------

AY HÜSEYN ƏMİ

Filologiya Elmləri Doktoru, şair
Əflatun Saraçlıda Aşıq Hüseynin
qəbri üstündə ağlaya-ağlaya bu şe'ri
demişdi.




Bu elə gərəkdin sən indən belə,
Nə tez köç eylədin, ay Hüseyn əmi!
Qabaqda nə qədər toylar var hələ,
Nə tez köç eylədin, ay Hüseyn əmi!

Dedim yetmiş nədir, yüzü yaxala,
Həyat gözəlləşə, ömür çoxala.
Demədim can yana, ürək yuxala,
Nə tez köç eylədin, ay Hüseyn əmi!

Usta sənətini taraz gözləyər,
Təbriz həsrət çəkər, Araz gözləyər.
Hələ neçə-neçə muraz gözləyər,
Nə tez köç eylədin, ay Hüseyn əmi!

Elin Qurbanisi, Ələsgərisən,
həm sənət ustası, həm Əsgərisən.
Vaxtsız hardan tapdın dərdi-səri sən?
Nə tez köç eylədin, ay Hüseyn əmi!

Əflatun Saraçlı eldən ayrılmaz,
Bülbül həsrət çəkər, güldən ayrılmaz.
Elin sənətkarı, eldən ayrılmaz,
Nə tez köç eylədin, ay Hüseyn əmi!

--------------------------------------------------------------------------------------------------













Hüseyn Saraçlı - Ruhani










01 - Hüseyn Saraçlı - Ağır şəkili


02 - Hüseyn Saraçlı - Bağdad dübeyti(2)


03 - Hüseyn Saraçlı - Baş sarıtel


04 - Hüseyn Saraçlı - Dağıda bilməz


05 - Hüseyn Saraçlı - Bəhrani


06 - Hüseyn Saraçlı - Dol hicranı


07 - Hüseyn Saraçlı - Bağdad dübeyti(1)


08 - Hüseyn Saraçlı - Ətraflı dübeyti


09 - Hüseyn Saraçlı - Qəhramani


10 - Hüseyn Saraçlı - Məchul


11 - Hüseyn Saraçlı - Ruhani


12 - Hüseyn Saraçlı - Tərif

Aşıq Kamandar - Aşıq Qərib dastanı / Ashiq Kamandar - Ashiq Gerib dastani / Ашуг Камандар - Дастан Ашуг КерибAşıq Ədalət Dəlidağlı

Comments

Unregistered user Thursday, February 15, 2007 10:18:29 PM

gizilal writes: cox cox var olasan ashig

Unregistered user Monday, April 5, 2010 4:31:33 PM

Аноним writes:

Write a comment

New comments have been disabled for this post.